Doç.Dr. Seriyye Gündoğdu
Doç.Dr. Seriyye Gündoğdu
seriyye@yahoo.com

Mehmet Akif Ersoy


12 Mayıs 2013 Pazar 18:45

Böyük vətənpərvər, mütəfəkkir, əxlaq nümunəsi və Türk dünyasının görkəmli sənətkarı Mehmed Akif Ərsoy 1873-cü il dekabr ayında İstanbulda  dünyaya göz açmışdır.

İlk təhsilini Fatihdə yerləşən ibtidai məktəbdə alan Mehmed Akif daha sonra Mərkəzi Fatih Rüşdiyyəsinə yazılmış və burada dövrün tanınmış müəllimlərindən dərs almışdır. Mehmed Akif rüşdiyyədəki tələbəlik illərində türk, ərəb, fars və fransız dillərinə maraq göstərmişdir. Rüşdiyyə təhsili ilə paralel olaraq “Quran”ı da əzbərləməyə çalışmışdır.

Ədəbiyyata böyük sevgisi olan Mehmed Akif Şirazlı Hafizin “Divan”ını, Sədinin “Gülüstan”ını, Mövlananın “Məsnəvi”sini, Füzulinin “Leyli və Məcnun”unu oxumuşdur.

Mehmed Akif, 1885-ci ildə “Mülkiyyə İdadisi”nə (liseyə) daxil olmuşdur. Bu məktəbin yuxarı sinifində oxuduğu zaman, 1888-ci ildə atası vəfat etmişdir. Həmin il Fatihdə baş verən böyük yanğında Sarıgözəldəki evləri yanmışdır. Belə bir ağır şəraitdə Mehmed Akifin liseydə oxuması çətinləşmişdir. O, yeni açılmış “Mülkiyyə Baytar İnternat Məktəbi”nə daxil olmuşdur. M.Akif çox çalışqan bir şagird kimi 1893-cü ildə məktəbi müvəffəqiyyətlə bitirmişdir. Mehmed Akif baytarlıq məktəbini bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır.

Mehmed Akif 1898-ci il sentyabr ayının 1-də məmurluğa başladıqdan bir il sonra 25 yaşında ikən Topxana əmirinin xə¬zinədarı Mehmed Emin bəyin qızı İsmət xanım ilə evlənmişdir. Dövrünün bütün elmlərindən xəbərdar olan İsmət xanım kübar bir ailədə böyüyüb, tərbiyə almışdır. Bu izdivacdan onların 6 övladı dünyaya gəlmiş, fəqət beşi sağ qalmışdır. (Üç qız – Cəmilə, Fəridə, Suad və iki oğul - Emin, Tahir). Belə ki, ailənin üçüncü övladı - İbrahim Naim uşaqkən (1-2 yaşlarında) vəfat etmişdir.

1907-ci ildə İstanbulda (Halkalıda) müəllimlik etmiş, 1908-ci ildən sonra isə baytarlıq sahəsindəki fəaliyyətini davam etdirməklə yanaşı, Darülfünunun Ədəbiyyat şöbəsində Osmanlı ədəbiyyatından dərs demişdir. Həmin illərdə “İttihad və Tərəqqi” Cəmiyyətinin Şahzadəbaşındakı elm mərkəzində (İlmiye Mahfil) ərəb ədəbiyyatından dərs demiş, Fatih, Bəyazid, Süleymaniyyə məscidləri kürsülərindən dini və ictimai müxtəlif mövzularda çıxışlar etmişdir.

Müharibənin Osmanlı dövlətinin əleyhinə nəticələnməsi, torpaqların işğal təhlükəsi, M. Akifi Anadoluda başlayan milli hərəkata qoşulmağa vadar etmişdir. O, 1920-ci ilin fevralında da Balıkəsirə gedərək, milli azadlıq hərəkatının liderləri “Kuvayı Milliye” (Milli qüvvələr) ilə əlaqəyə girmiş, Zağanos Paşa məscidində ölkənin azadlığı üçün çıxışlar edərək xalqı mübarizəyə və orduya yardım etməyə çağırmışdır.


Bundan sonra, Mehmed Akif milli azadlıq hərəkatının fəal iştirakçısı olmuşdur. 9 oktyabrda Kastamonudakı Nəsrullah məscidində kəskin çıxış etmişdir. Mehmed Akif müstəqillik mücadiləsi tarixində əhəmiy¬yət¬li rol oynayan bu çıxışında Osmanlı dövlətinin düşdüyü vəziyyəti izah etmiş, “Sevr müqaviləsi”nin dövlət üçün ağır bir sonluqla nəticələnəcəyini bildirmişdir. Çıxış yolunu Şərqə “mə¬də¬niyyət” maskası altında gələn Qərb müstəmləkəçiliyinin qar¬şısına iman və silahla çıxmaqda görmüşdür. Müstəqillik uğrunda xalqın və ordunun böyük bir sevgi naminə səfərbər olmasında Mehmed Akifin bu və bundan sonrakı çıxış və yazılarının böyük rolu olmuşdur.

Mehmed Akif Ankaraya gəldiyi zaman artıq Konyada milli qüvvələrinin yaranmasına qarşı etirazlar başlamışdır. Mehmed Akifin  təsiredici çıxışları burada da xalqı ayağa qaldırmış, üsyançıları birləşməyə səsləmişdir.

25 dekabr 1920-ci ildə Ankaraya qayıdan M. Akıf Burdur və eyni zamanda da Biga  millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinin iclasında iştirak etmişdir. Eyni vaxtda iki bölgədən millət vəkili olmaq Türkiyə Böyük Millət Məclisi tarixində ilk və yeganə hadisədir.

1920-ci ilin son aylarında Maarif Nazirliyi milli marş mətni üzrə müsabiqə elan etmişdi. Bu işə başçılıq edən Həmdullah Sübhi bəy xüsusi bir yazı ilə Mehmed Akifin də müsabiqəyə qatılmasını xahiş edər. Bu tarixə qədər, bəzi bənd (qitə) və misralarını dostlarına oxuduğu “İstiqlal marşı” beləcə tamamlanmış və müsabiqənin sonunda müəllifinə birincilik qazandırmışdır. Beləliklə, həmin şeir 724 şeirin içindən seçilərək 12 mart 1921-ci ildə Böyük Millət Məclisində “Milli marş” kimi millət vəkilləri tərəfindən alqış sədaları altında yekdilliklə qəbul edilmişdir.

 M.Akif, 1923-cü ildə Abbas Halim Pa¬şanın dəvəti ilə Misirə getmiş və qışı orada keçirmişdir. Təqib olunduğu bir neçə il ərzində, yaz fəslini İstanbulda, qışı Misirdə qaldıqdan sonra, 1925-ci ilin oktaybr ayından etibarən həmişəlik bu ölkədə məskən salmışdır. O, Qahirə Üniversitetində türk ədəbiyyatı dərsləri demiş və şəhərin ucqar bir guşəsində – Hilvanda qalmışdır. Bir tərəfdən də “Diyanət İşləri” (Dini İşlər) müdirliyi tərəfindən şərhi Elmalılı Hamdi Yazara tapşırılmış “Qurani-Kərim”in tərcüməsi üzərində çalışmışdır. 1935-ci ildə istirahət üçün getdiyi Livanda qızdırma xəstəliyinə yoluxaraq geri dönən Mehmed Akifin xəstəliyi ilin sonuna doğru ağır¬laş-mışdır. Misirdə yaşadığı müddət ərzində vətən və millət həsrəti Mehmed Akifin ürəyini parçalamış, amansız xərçəng xəstəliyi vücudunu gündən günə zəiflətmişdi. Tutulduğu xəstəliyin dərmanı olmadığını, sonunun ölüm ilə nəiticələnəcəyini yaxşı bilən Mehmed Akif son nəfəsdə doğma torpağına qovuşmaq üçün 1936-cı ilin iyun ayında Türkiyəyə yola düşmüşdür.

Nəhayət, vədə tamam olmuş və təkrarolunmaz misraların ulu sahibi böyük millət və vətən şairi Mehmed Akif Ərsoy 27 dekabr 1936-cı ildə İstanbul Bəyoğlundakı Misir Binasında “Çanaqqala” və “Milli mücadilə” qəhrəmanlarının di¬ya¬rına əbədi yola düşdü. Böyük türk övladı vəsiyyət etdiyi kimi, Ədirnəqapı qəbristanlığında çox sevdiyi Babanzadə Əhməd Naim bəyin yanında dəfn edildi.

1908-ci ildən etibarən Mehmed Akif nəşriyyat işinə başlamışdır. Əsas müəllifi olduğu “Sıratı-müstəqim” də və sonra da “Sebilür-rəşad”da bir çox şeirləri ilə bərabər, dini və ədəbi məqalələri və tərcümələri nəşr edilmişdir. 1911-ci ildə çapdan çıxan “Safahat” adlı kitabında isə onun şeirləri toplanmışdır.

Şairin “Safahat”adı altında toplanan şeirləri yeddi kitabdan ibarətdir. İlk kitab 1911-ci ilin aprelində 44 mənzumə və şair ön söz yerinə yazılmış on misralıq şeiri olmaqla “Sıratı-müstəqim” mətbəəsində nəşr olunmuşdur. Kitabdakı şeirlər siyai hadisələrdən, mistik duyğulardan bəhs edir.

Mehmed Akif Ərsoyun ikinci kitabı 1912-ci ildə nəşr olunur.İki nəfərin dialoqu ilə baılayan əsər daha sonra minbərə çıxan dövrünün tanınmış alimi və səyyahı Əbdürrəşid İbrahim Bəyin gəzdiyi ölkələrdəki sosial və siyasi vəziyyəti anlatması ilə dəvam edər.

1913–cü ilin iyununda “Safahat”ın üçüncü kitabı olan “Haqqın səsləri” nəşr olundu. Müsəlmanlar arasındaki birlik ideyasını qabardan bu mənzumələr bəzi ayətlərin təfsirindən yaranmışdır.

1914-cü ildə “ Safahat”ın 4-cü kitabı olan “Fatih kürsüsündə ” adlı böyük bir mənzumə nəşr olundu. Bu əsər cəhalətə qapılaraq mənəvi dəyərlərdən uzaq düşən “İslam dünyasını” oyatmaq üçün yazılmış bir əsərdir. Əsər tənbəlliyi, cəhaləti, qərb təqlidçiliyini şiddətlə tənqid edir.

Mehmed Akif 1914-cü ilin sonlarında Berlinə getmiş, bu səyahət nəticəsində şair Avropanı yaxından tanımaq imkanı əldə etmişdir. Belə ki, Berlin səyahəti ilə əlaqədar qeydlərini, Şərq və Qərb həyatının özəlliklərini müqayisəli şəkildə 1917-ci ildə “Xatirələr” kitabında əks etdirmişdir. Şair, ictimai fəlakətlərdən qurtulmaq üçün  Allah yoluna dönmənin vacibliyini  bildirir.

1924-cü ildə “Asım” adlı poeması nəşr olunur. Bu əsərdə M.Akif  təlim-tərbiyə, irqçilik, müharibə, cəhalət kimi bir çox mövzulardan bəhs edir.

Şairin yeddinci kitabı olan “Kölgələr” 1933-cü ildə nəşr olunur. Kitab 1918-1933-cü illər arasında yazılmış 41 mənzumədən ibarətdir. Bu kitabda yer alan şeirlərdə yazıldığı dövrün sosial-siyasi hadisələri əks olunmuşdur.

Mehmed Akif türk şeir sənətinə yeniliklər gətirən böyük sənətkardır. O, Müəllim Naci kimi ustadın izi ilə getmiş, əruz vəznindən təbiilik və asanlıqla istifadə etmişdir.

Mehmed Akifə görə, daha öncə yaşamış şairlər də bu vəzinlə gözəl şeirlər yazmış, əsərləri ilə vəznin gözəlliyini isbat etmişdirlər. M. Akif özü də bu şairlərin arxasınca getmiş, əruzu türk dilinə uyğunlaşdırmış və bu vəzində həqiqi sənət nümunələri yaratmışdır. O, “sənət üçün sənət” yox, “cəmiyyət üçün sənət” ideyasını müdafiə etmişdir. Ondan sənət haqqında olan fikirlərini soruşduqda belə demişdi: “Sənət sənət üçündür düsturu ölübdür. Cəmiyyətə, həyata yaramayan sənət yerin dibinə girsin!”

Ədib öz məqalələrində “Sənət üçün sənət” ideyası ilə əsər yazanları tənqid edərək yazırdı: “Hətta “sənət sənət üçündür, sənətdə qayə yenə sənətdir. Ədəbiyyatda ədəbiyyatdan başqa bir qayə axtarmaq sənəti məhv etmək deməkdir”, kimi “yüksək nəzəriyyələr” əxlaqsızlığa fəlsəfi don geydirərək ədəbiyyat naminə millətin həyatına, namusuna, mövcudiyyətinə toxunan bir sıra hərzələrin əsər deyə meydana çıxartdıqlarına rəvac verilmək üçün önə sürülmüşdür. Ədəbiyyat bu gün ictimaiyyətın gözünü açacaq, hissiyatını yüksəldəcək, əxlaqını bəzəyəcək, xülasə, bizə ədəb dərsi verəcək xüsusiyyətdə olmalıdır.”

Bu səbəbdəndir ki, o, fikirlərini vəznə uyğunlaşdırmaq üçün deyil, millətin dərdini, halını dilə gətitmək üçün əruzdan istifadə etmişdir.

Ədəbiyyat “ədəb” sözündən gəlir və bir tərbiyə vasitəsidir. Millət öz şairindən çox şey umur. Əgər şair, millətin dərdini dilə gətirməzsə, xalqın dərdi ilə ağlayıb, sevinci ilə gülməzsə, belə şairin yaradıcılıq ömrü çox qısa olur. Mehmed Akifin bütün türk dünyası tərəfindən sevilməsinin səbəbi də onun millət eşqi ilə yanıb, tutuşması olmuşdur.
İstifadə olunmuş ədəniyyat

1. Çetin N. Günümüze Işık Tutan Münevver Aydın Mehmed Akif Ersoy. Bilim ve Aklın Aydınlığında Eğitim, N 73, Ankara: M.E.B. 2006

2. Doğan М. Camideki şair- M.Akif. İstanbul: İz Yayın, 1989,

3. Karakoç S. M.Akif. İstanbul: Diriliş Yayınları, 1985

4. Kuntay M.C. Mehmed Akif. İstanbul: Leyla ile Mecnun Yayımcılık 2007

5. Okay M.О. М. Akif – Bir Hareket Heykelinin Anatomisi. İstanbul: Akçağ Yayınları, 2000

6. Timurtaş F.K. Mehmed Akif ve cemiyetimiz. Ankara: Akçağ Yayınları, 2006

7. Yetiş K. Bir Muzdarip Mehmed Akif Ersoy, Ankara: Akçağ Yayınları 2006

8. Yetiş K. Mehmed Akif’in Sanat-Edebiyat ve Fikir Dünyasından Çizgiler. Ankara: Akçağ, 1992

Bu yazı toplam 5721 kez okundu.
YAZARA AİT DİĞER MAKALE BAŞLIKLARI
Yazara ait kayıtlı başka makale bulunamadı.
 
Copyright © 2017 Mehmet Akif Ersoy Fikir ve Sanat Vakfı. Adres : Atatürk Bulvarı Sefaretler Apartmanı 199/9 Kavaklıdere Ankara